Vikimedia fondu tərəfindən təşkil olunan sayca 15-ci Vikimaniya konfransı.

Vikimaniya konfransında ilk dəfə olaraq 3 vikipediyaçı ilə təmsil olunacağıq.
0
64

Avqust ayının 14-18-də İsveç Krallığının paytaxtı Stokholm şəhərində sayca 15-ci təşkil olunan Vikimaniya beynəlxalq konfransında Azərbaycanı “Azərbaycan Vikimedia könüllüləri İctimai Birliyinin” sədri Elgün Atalıyev, vikipediyanın azərbaycanca dil bölməsinin idarəçisi və bürökratı Eldar Əzimov və fəal vikipediya istifadəçisi Aida Aslanova təmsil edəcəklər.
Tədbir haqqında qısa məlumat olaraq qeyd edək ki, Vikimaniya 2005-ci ildən etibarən ildə bir dəfə dünyanın müxtəlif şəhərlərində Vikipediya və digər əlaqəli layihələrin redaktorlarının iştirakı ilə keçirilən beynəlxalq konfransdır. Burada dünyanın onlarla ölkəsindən yüzlərlə vikipediyaçı iştirak edir və öz ölkəsini təmsil edir. Vikipediyanın bu günü və gələcək inkişaf perspektivləri müzakirə olunur, mühazirələr və praktiki görüşlər təşkil edilir. Konfransda vikipediyanın müxtəlif dil bölmələri üçün qarşıda duran vəzifə və problemlərdən, e-elmin elmi-nəzəri problemləri müzakirələri olur. Təmsil olunan ölkələrin və iştirakçıların sayı hər il müxtəlif olur. Adətən 50-dən çox ölkə və 800-dən çox iştirakçı iştirak edir. 
Qeyd edək ki, Vikimedia fondu hər il müxtəlif ölkələrdə Beynəlxlaq Vikimaniya konfransını təşkil edir. Fondun əsası 2003-cü ildə Cimmi Uels tərəfindən qoyulmuşdur. Vikimedia Fondu bir neçə layihəni özündə birləşdirir və ən geniş yayılmış layihəsi Vikipediya hesab olunur. Elektron elmin formalaşmasında könüllü vikipediyaçıların rolu danılmazdır. 
2004-cü ildən Vikimedianın 16 layihəsindən biri olan Vikipediyanın, Azərbaycan dil bölməsi fəaliyyət göstərir. Qeyd edək ki, Vikipediyanın fəaliyyət göstərdiyi 300 dil bölməsi arasında məqalə sayına görə Azərbaycan hal-hazırda 149 mindən çox məqalə sayı ilə 51-ci sıradadır).

Leave a reply