Vikinənələr

0
357

2012-ci ildə Bakıda keçirilən “Avroviziya” mahnı müsabiqəsini və həmin müsabiqədə ikinci yeri tutan “Buranovskiye babuşki” (Buranovo nənələri) qrupunu bir çox insan indiyədək xatırlayır. Müsabiqədə Rusiyanı təmsil edən bu ağbirçəklər əslən Rusiya Federasiyasının tərkibindəki Udmurtiya Respublikasından idilər. Onlar bir çox məşhur mahnıları özlərinin doğma udmurt dilində ifa etməklə hazırda dünyada cəmi 300 min insanın ana dili olan, fin-uqor dil qrupuna aid və yaxın 100 ildə yox olmaq təhlükəsi altında olan bu dilin qorunmasına əvəzsiz töhfə vermişdilər.

Dünyada buna bənzər bir çox nümunələr göstərmək olar. Bu məqalədə haqqında danışmaq istədiyimiz nənələr isə başqırd dilinin qorunmasına və inkişafına Vikipediya vasitəsilə töhfə verirlər.

Vikinənələr – başqırd vikipediyaçılarının təqaüdçü qadınları vikihərəkata cəlb etmək istiqamətində həyata keçirdikləri layihədir. 2016-cı ildə məhz İjevskdə, yuxarıda adını çəkdiyimiz Udmurtiyanın paytaxtında keçirilən “Viki-Ural” seminarında “Buranovo nənələri”nin nümunəsində yaranan bu ideya, yaşlı qadınların internetdə faydalı ola biləcəklərini göstərmək məqsədilə irəli sürülmüşdü. Könüllü fəaliyyət göstərən vikinənələrin özəyini, Rusiyada populyar olan, “VKontakte” sosial şəbəkəsindəki “Башкирские женщины” (Başqırd qadınları) qrupundakı qadınlar təşkil edir.

Başqırd dili türk dilləri ailəsinin qıpçaq dilləri qrupunun volqaboyu-qıpçaq yarımqrupuna aiddir və hal-hazırda 1,2 milyon daşıyıcısı var. Başqırd dilindəki Vikipediya isə 2002-ci ildə yaranıb, lakin ilk məqalə yalnız 2005-ci il 16 aprel tarixində yazıldığı üçün məhz həmin tarix başqırd Vikipediyasının doğum günü hesab edilir. Hal-hazırda bu layihədə 50 min məqalə var və inkişaf templərinə görə Rusiyada yaşayan xalqların dillərindəki Vikipediya bölmələri arasında ən dinamik inkişaf edən layihədir. Bu inkişafda şübhəsiz ki, vikinənələrin də rolu var.

Vikinənələr arasında ən təcrübəliləri və ən böyük staja malik olanlar Quzal Sitdıkova və Alfiyə Akbutinadır. Ən yaşlı vikinənə isə Banat Valeyev-Yaubasarovadır. 2018-ci ildə onun 70 yaşı tamam olmuşdu.

2016-cı ildə Sankt-Peterburqda və Kiyevdə keçirilən viki-konfranslarda, həmçinin, 2017-ci ildə Berlində keçirilən ənənəvi Vikimedia Konfransında başqırd vikipediyaçılar tərəfindən vikinənələr haqqında geniş auditoriyaya məlumat verilmişdir.

2019-cu ildə Stokholmda keçirilən illik Vikimaniya konfransının bağlanış mərasimində Vikipediyanı və digər əlaqəli vikilayihələri idarə edən Vikimedia Fondunun icraçı direktoru Ketrin Mayer başqırd nənələrinin nümunəsini xüsusi qeyd edərək onların Vikipediyaya verdikləri töhfəni vurğulamışdır.

Leave a reply